İnfrastruktur olmadan enerji resurslarından böyük faydalar əldə etmək mümkün deyil. Bu barədə Energetika naziri Pərviz Şahbazov Çində “Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində söyləyib.
ONA-ya Energetika Nazirliyindən verilən məlumata əsasən, Pərviz Şahbazov Çində “Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində keçirilən “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nın inauqurasiya mərasimində iştirak edib. Nazir Pərviz Şahbazov çıxışında “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nı qlobal əməkdaşlıq platforması kimi qiymətləndirib və bu yeni əməkdaşlıq modelinin böyük miqyasda enerji resurslarını, infrastrukturu, texnologiyaları, investisiya imkanlarını əhatə etdiyini deyib: “Biz bu əməkdaşlığı hər kəsin malik olduğu imkanların, təcrübələrin, xoş məramın təqdim edildiyi və hər kəsin də lazımi ehtiyaclarını ödəyə bildiyi bir platforma kimi təsəvvür edirik. Bu gün bu, bir həqiqətdir ki, güclü, səmərəli və qarşılıqlı maraqlara əsaslanmayan əməkdaşlıq olmadan yalnız enerji imkanları hesabına ayrı-ayrılıqda uğur qazanmaq mümkün deyildir. İnanırıq ki, “Kəmər və Yol Enerji Tərəfdaşlığı” bu layihədə təmsil olunan hər bir ölkəyə enerji sektorunda fayda gətirən uğurlu əməkdaşlıq modeli olacaq”.
Energetika naziri mühüm nəqliyyat, logistika və enerji mərkəzinə çevrilən, enerji-kommunikasiya layihələri ilə beynəlxalq əməkdaşlığa töhfə verən Azərbaycanın “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsündə iştirakından da bəhs edib. “İpək Yolu İqtisadi Kəməri”nə xidmət edən layihələrin reallaşmasında ölkənin enerji siyasətinin rolunu diqqətə çatdıırb. İpək Yolu dəhlizinin enerji komponentini təşkil edən Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində TANAP və TAP qaz kəmərləri böyük bir coğrafiyada enerji təhlükəsizliyinin təminatına, sosial rifaha, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verən nümunələr kimi qeyd edilib.
Energetika naziri Pərviz Şahbazov “İnfrastruktur əlaqələri” mövzusuna həsr olunmuş sessiyada da çıxış edib. Nazir Çindən Avropaya və geriyə yük daşımaları üçün ən qısa nəqliyyat marşrutu - Bakı-Tbilisi-Qars dəmiryolu, Xəzər dənizində 25 milyon tona qədər yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətini təmin edən digər infrastruktur layihələri, eləcə də neft-qaz kəmərləri barəsində ətraflı məlumat verib. Bu infrastruktur əlaqələrinin “Kəmər və Yol” ölkələri ilə çoxşaxəli və davamlı əməkdaşlığa imkan yaratdığını bildirib.
“İnfrastruktur olmadan enerji resurslarından böyük faydalar əldə etmək mümkün deyil. Təcrübədə görürük ki, infrastrukturun yoxluğu səbəbindən karbohidrogen ehtiyatlarının həcminə görə dünyada ön sıralarda gələn bəzi ölkələrdə bu resurslar yalnız ehtiyat olaraq qalmaqdadır. Azərbaycanın açıq dənizlərə birbaşa çıxışı yoxdur. Amma Xəzər regionundan karbohidrogen ehtiyatlarını dünya bazarlarına nəql edən neft-qaz infrastrukturunun yaradılması, enerji layihələri ilə dənizləri, regionları və qitələri birləşdirmək missiyası məhz onun adı ilə bağlıdır”, - deyə nazir bildirib.
Nazir hazırda həyata keçirilən nəhəng infrastruktur layihəsi “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətinə də toxunub. Bildirib ki, bu dəhliz Azərbaycana Türkiyə bazarına qazın ixracını iki dəfə artırmağa, eləcə də Cənub-Şərqi Avropa, Balkan ölkələrinin bazarlarına, növbəti mərhələdə isə Qərbi Avropaya çıxmağa imkan verəcək. Eyni zamanda, bu layihənin dəhliz xarakteri gələcəkdə qaz mənbələrinin, tədarükçülərin və istehlakçıların sayını artırmaqla daha böyük miqyasda şaxələnməni mümkün edə biləcək. Çıxışda həmçinin qeyd olunub ki, neft-qaz layihələri ilə yaradılmış “Şərq-Qərb” enerji dəhlizi üzərindən artıq 4 ildir Gürcüstan və Türkiyəyə elektrik enerjisi ötürülür. Azərbaycan, Rusiya və İran arasında elektrik enerjisinin ixracı sahəsində mövcud imkanlar “Şimal-Cənub” elektrik enerjisi dəhlizinin də formalaşdırılmasına şərait yaradır və bu istiqamətdə işlər aparılır.
İndiyə kimi Çindən Azərbaycana yatırılan 800 milyon ABŞ dollarından çox sərmayənin məhz neft sektorunun payına düşməsini isə nazir Azərbaycan-Çin enerji əməkdaşlığının mühüm göstəricisi hesab edib. Çinlə neft-qaz, neft-kimya, emal sənayesi, neft və neft məhsullarının ticarəti, elektrik stansiyalarının yenidənqurulması tədbirləri üzrə əməkdaşlığın yeni layihələrlə, investiya qoyuluşu, bərpa olunan enerji, yaşıl texnologiyalar kimi yeni istiqamətlərlə genişlənə biləcəyini bildirib.
Qeyd edək ki, “Kəmər və Yol Enerji Tərəfdaşlığı”nın inauqurasiya mərasimində Tərəfdaşlığın “Əməkdaşlıq Prinsipləri və Konkret Addımlar”ı sənədi qəbul olunub.