• İQTİSADİYYAT

    13:21 10 aprel 2019

Azərbaycanda 60 "KOB Dostu” yaradılacaq

Azərbaycanın 10 iqtisadi rayonu üzrə 60 "KOB Dostu” şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) ONA-ya verilən məlumata görə, bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda keçirilmiş “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda 3-cü regional forumdakı çıxışında KOBİA-nın Gəncə şəhəri üzrə “KOB Dostu” Anar Əliyev deyib.

Hazırda Agentliyin ölkənin 11 rayonunda KOB dostları fəaliyyət göstərir. KOB dostları həmin rayon və şəhərlərlə yanaşı, ətraf rayonlardan olan sahibkarlara da xidmət edir.

Onun sözlərinə görə, KOB dostları fəaliyyət göstərdiyi regionlarda mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların inkişaf təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir.

Eləcədə qeyd olunub ki, Agentlik tərəfindən "KOB Dostu” şəbəkəsi ilə yanaşı, sahibkarlara xidmətləri vahid məkanda təqdim edəcək "KOB Evi” də yaradılacaq. Hazırda ilk “KOB Evi”nin Bakı şəhərində yaradılması istiqamətində işlər aparılır. KOB evlərinin və Agentliyin digər dəstək mexanizmlərinin işə düşməsi ilə KOB-lara göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndiriləcəkdir.

Tədbirdə müxtəlif rayonların icra hakimiyyətləri başçıları, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri, eləcə də regionda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR