Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın yeni internet Portalının təqdimatı" mövzusunda konfrans keçirilib. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya azranking.az portalı vasitəsilə idarəetməni elektron qaydada həyata keçirəcək.
ONA xəbər verir ki, Komissiyanın işçi qruplarının fəaliyyətinin əlaqələndirilməsi, iclas və görüşlərin təşkil edilməsi, daxili məlumatların və müvafiq sənədlərin mübadiləsi də yeni internet platforması üzərindən reallaşacaq. Bundan başqa, azranking.az portalında beynəlxalq reytinqlər üzrə bütün məlumatlar, metodologiya, qiymətləndirmə və eyni zamanda reytinq üzrə qiymətləndirilən bütün ölkələrin Azərbaycan ilə illər üzrə müqayisəli təhlil sistemi və digər funksiyalar mövcuddur.
Konfrans zamanı investorların maraqlarının qorunması, elektron məhkəmə, biznes başlama, tikinti icazələri, elektrik şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış və əmlakın qeydiyyatı, habelə vergi və gömrük sahəsində aparılan islahatlara dair təqdimatlar olub.
Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Vüsal Şıxəliyev, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, ədliyyə nazirinin müavini Azər Cəfərov, Beynəlxalq Maliyyə Korporasiyasının ölkə üzrə nümayəndəliyinin rəhbəri Aliyə Əzimova, vergilər nazirinin müavini İlkin Vəliyev, energetika nazirinin müavini Samir Vəliyev, Dövlət Gömrük Komitəsinin sədrinin müavini Cavad Qasımov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, "PwC Azərbaycan" şirkətinin idarəedici partnyoru Mövlan Paşayev, Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azerbaijan”) prezidenti Nuran Kərimov və Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Naveed Naqvi çıxış ediblər.