Azərbaycanda Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarını (kvotası) hesablayacaq yeni orqan məlum olub.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Balıq və digər su bioresursları ovunun Qaydaları”nda müvafiq dəyişiklik edib.
Qaydalara əsasən, balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvotası) Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun rəyi nəzərə alınmaqla (daxili sularda), balıq və digər su bioresurslarının növlərinin məskunlaşdığı müvafiq balıqçılıq su obyektlərinin siyahısına daxil edilməklə hazırlanıb və nəticəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib.
Dəyişikliyə əsasən, Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun bu sahədə səlahiyyətini Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti həyata keçirəcək.
Qeyd edək ki, Qaydaya əsasən, nazirlik növbəti il üçün təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının aşağıdakı kvotalar üzrə bölgüsünün hər il oktyabr ayının 5-dən gec olmayaraq, təsdiq edilməsi üçün bu Qaydalara 6 nömrəli əlavə ilə müəyyən olunan formada təkliflərini Nazirlər Kabinetinə təqdim edir.
Xatırladaq ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 16 yanvar tarixli fərmanına əsasən, bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin, Su hövzələrinin bioloji resurslarının artırılması və mühafizəsi departamentinin, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin və Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti yaradılıb.