• İQTİSADİYYAT

    13:23 21 may 2019

Azərbaycanda büdcə modelinin dəyişdirilməsi təklif olunub

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı mövcud büdcə modelinin dəyişib-dəyişməməsinin vacibliyi ətrafında diskussiyalar aparılıb.

ONA-nın məlumatına görə, deputat Əli Məsimli çıxışında deyib ki, Azərbaycanda 17,2 milyard manatlıq sərmayənin 70 faizi daxili investisiyadır: “Azərbaycanda sərmayə qoyuluşunun mənbəyi baxımından ciddi islahatlara ehtiyac var. Daxili investisiyalar büdcə hesabına maliyyələşir. Dövlətin büdcəsi geninə-boluna istifadə olunmamalıdır. Büdcəmiz xarici konyunkturadan asılıdır. Dövlət Neft Fondundan daxil olan vəsait büdcənin 60 faizindən çoxdur. Bu məsələyə ciddi diqqət yetirilməsi vacibdir. 2018-ci ilin büdcəsində gəlirlər də, xərclər də bütün bəndlər üzrə təxminən 30 faiz artıb. Neft amilinin üstünlüyünü insan amilinin inkişafına yönəlməliyik. Yeni modelə keçid büdcədə də öz əksini tapmalıdır. Sərmayələrin strukturu dəyişməlidir. İslahatlar gedir və burada yeni çağırışlar əmələ gedir. Ayrı-ayrı nazirliklər bu çağırışlara cavab verir. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi işlərini yenidən qurur, kölgə iqtisadiyyatının dairəsi azaldılır, şəffaflıq artırılır və s. Maliyyə Nazirliyi də bu mənada addımlar atmalıdır”.

Ə.Məsimli qeyd edib ki, Azərbaycan dövlət büdcəsinə konseptual baxımdan yanaşdıqda, xərcləmələrin konsepsiyası qeyri-müəyyəndir: “Layihələr yerinə yetirilir, bunlar çox vacibdir və bunu inkar etmək olmaz. Maliyyə sektorundakı islahatlar o vaxt dəstəklənər ki, sosial sahədə islahatlar Azərbaycanda əhalinin yaşayışına müsbət təsir göstərsin. Kompensasiyaların verilməsi, dollarla bağlı kreditlərdə xeyli yumşalma buna gətirib çıxardı. Maliyyə Nazirliyi sosial təşəbbüslərlə çıxış etməlidir. Büdcədə sosial sahəyə ayrılan vəsait təmir-tikintiyə ayrılan vəsaitdən azdır. Hər 1 manata 10-11 manat artıq təşkil edir. Bu onu göstərir ki, xərcləmənin fəlsəfəsini dəyişməli, yeni modelə uyğunlaşmalıyıq. Bu halda kiçik və orta sahibkarlığa dəstək büdcəyə qənaətə səbəb olacaq. Özəl təşəbbüsü dövlətin fəaliyyəti əvəz edə bilmir. Əsas gücü özəl sektora versək, onda büdcəmiz bundan qat-qat yaxşı olacaq”.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə Azərbaycan büdcəsinin təmir-tikinti büdcəsi adlandırılması barədə fikirlə razılaşmayıb. O deyib ki, dövlət transmilli layihələrə, problemli kreditlərə pul ayrılır: “Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur. Büdcə barədə ictimai müzakirələrin aparılması ilə bağlı təkliflər də məqbul sayılmalıdır. Hazırda 22 milyardıq büdcənin 7 milyard manatı sosial xərclərdir. Biz hələ də səhiyyə və təhsil xərclərində səmərəsizliyi görürük. İdman kompleksləri tikilib ki, uşaqlar pulsuz məşğul olsun. Prezident bu il ödənişsiz ali təhsili 50 faizə qaldırıb. Büdcə modelini dəyişmək lazım deyil”.

Komitə sədri bildirib ki, 1993-cü ildə yoxsulluq 86 faiz olubsa, hazırda 5-6 faizə endirilib.

Deputat Vahid Əhmədov isə söhbətin ilk növbədə şəffaflığın artırılmasından getdiyini vurğulayıb.

Yenidən söz alan deputat Əli Məsimli ölkədə təhsil və səhiyyə sahəsində əməkhaqlarının aşağı olmasını qəbuledilməz sayıb: “Cənubi Koreya ona görə yüksək sürətlə inkişaf edib ki, ilkin dövrdə hər şeydən kəsib, məhz təhsilə daha böyük vəsait ayırıblar”.

Maliyyə nazirin müavini Azər Bayramov deputatların çıxışlarında səslənən əksər məsələlərin qanunvericilikdə əksini tapdığını, praktikada tətbiq olunmağa başlandığını bildirib: “Digər qanunvericilik aktlarında dəyişikliklər etməklə bu prosesin sürətləndirilməsinə nail olacağıq. Məsələn, icbari tibbi sığorta gələn ildən ölkə üzrə tətbiq olunacaq”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR