• İQTİSADİYYAT

    10:17 17 aprel 2019

Azərbaycanda daha bir sənaye müəssisəsi biznes obyektinə çevrilir

“Ferrotex” MMC “Sabunçu Elmi İstehsalat və Maşınqayırma” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, müsabiqənin şərtlərinə müvafiq olaraq qalib dövlət büdcəsinə 2,8 mln. manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən müəssisəyə 10 mln. manat məbləğində investisiya qoyuluşunun reallaşmasını öhdəsinə götürmüşdür. Həmçinin müəssisənin dövlət büdcəsi və DSMF-ə olan 2 mln. manata yaxın məbləğdə borclarının, 200 min manata yaxın məbləğdə əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini, eləcə də digər sosial-iqtisadi və ekoloji öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

Təqdim olunmuş İnvestisiya Proqramına (Biznes Plana) əsasən investor tərəfindən müəssisədə yeni istehsal sexinin tikintisi, soyutma sisteminin qurulması, istehsalı idarəetmə mərkəzinin inşası, o cümlədən tökmə istehsalında istifadə olunan texnoloji avadanlıq və tərtibatların alınması, mexaniki emal sexində 3 ədəd müxtəlif tonnajlı vakuum induksion sobalarının quraşdırılması nəzərdə tutulur. Eyni zamanda məhsulların fiziki xassələri və kimyəvi tərkibini öyrənən yeni avadanlıqların alınması, mənəvi və fiziki cəhətdən aşınmış mövcud avadanlıqların təmir olunması, həmçinin bina və tikililərin əsaslı təmiri, infrastruktur təminatının yaxşılaşdırılması, habelə abadlaşdırma işlərinin görülməsi də planlaşdırılır.

Müəssisəyə bir il ərzində 10 mln. manatdan az olmayaraq özəl investisiyaların yatırılması, görüləcək işlər nəticəsində 160 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR