Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 50,9 mln. ton yük daşınıb ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1% çoxdur.
Dövlət Statistika Komitəsindən ONA-ya verilən xəbərə görə, yüklərin 3%-i dəniz, 6,9%-i dəmir yolu, 0,1%-i hava, 59,3%-i avtomobil nəqliyyatı, 30,7%-i isə boru kəməri ilə daşınıb. Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,4% artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 79% təşkil edib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 3,5 milyon ton yük daşınıb, bu da 2018-ci ilin yanvar-mart ayıları ilə müqayisədə 8,2% çoxdur.
Dəniz nəqliyyatı ilə 2019-cu ilin yanvar-mart aylarında daşınmış yüklərin həcmi 1,54 mln. ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,4% azalıb. Yüklərin 30,6%-i neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 2,1 mln. ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 1,9 mln. tonunu və ya 89,4%-ni tranzit yüklər təşkil edib. Bu il aprel ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 59,1 min ton olub.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 30,2 mln. ton yük daşınıb (2,3% artım). Hava nəqliyyatı ilə yükdaşıma 10,8% azalaraq 45,3 min tona çatıb.