Azərbaycanda dövlət qulluqçularının maaşı pilləli şəkildə artırılacaq.
ONA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın icrası üzrə Fəaliyyət Planında nəzərdə tutulan dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsindən asılı olaraq, pilləli şəkildə dövlət məvacibinin artırılması sisteminin qurulması üçün “Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemi haqqında” qanun layihəsi hazırlanaraq, baxılmaq üçün aidiyyəti orqanlara təqdim edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.