Bu ilin yanvar-aprel aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3,916 mlrd. manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 69,9%-ni bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Əsas kapitala yönəlmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% azalıb.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumi sərmayənin 64,5%-i məhsul istehsalı obyektlərinin, 26,5%-i xidmət sahələri üzrə obyektlərin, 9%-i isə ümumi sahəsi 595,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,4%-ni təşkil edib.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,7%, büdcə vəsaitləri 25,6%, əhalinin şəxsi vəsaitləri 6,4%, bank kreditləri 5,8%, büdcədənkənar fondların vəsaitləri 1,2%, sair vəsaitlər isə 0,3% təşkil edib.
Hesabat dövründə Bakı şəhərində Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanı, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, bunlardan əlavə Naxçıvan Muxtar Respublikasında 1 170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi, Qobustan və Şəmkir rayonlarında 310 çarpayılıq 2 xəstəxana və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.