• İQTİSADİYYAT

    16:15 18 aprel 2019

Azərbaycanda "Evədək optika" layihəsinin ikinci mərhələsinə start verilib

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") paytaxt əhalisinin genişzolaqlı xidmətlərlə təminatını nəzərdə tutan "Evədək optika" layihəsinin ikinci mərhələsini reallaşdırır.

Nazirlikdən ONA-ya verilən məlumata görə, görülən işlər çərçivəsində müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənir. Daha geniş multimedia xidmətlərindən yararlanması üçün istifadəçilər pulsuz internet avadanlıqları ilə təmin olunurlar.

Bu da daha çox insanın bir optik xətt üzərindən telefon, internet və IP TV xidmətlərindən istifadəsi üçün imkan yaradır.

Həyata keçirilən işlər müasir tipli yaşayış kompleksləri ilə yanaşı, mövcud 9 mərtəbəli binaları da əhatə edir.

Hazırda paytaxtın Qaradağ rayonunda yerləşən Sahil qəsəbəsi, Lökbatan qəsəbəsi və "Qobu Park" yaşayış kompleksində, eləcə də Xətai və Yasamal rayonlarında rekonstruksiya işləri aparılır. Bu istiqamətdə tədbirlər mərhələli şəkildə digər əraziləri də əhatə edəcək. İlin sonunadək 144 minlik infrastrukturun yaradılması nəzərdə tutulur. Beləliklə, "Baktelecom" 75 min mənzilin optik şəbəkəyə texniki keçidini təmin edəcək.

Qeyd edək ki, Bakı şəhərində multimedia xidmətlərinin müasir standartlara uyğun təşkilinə imkan verən "Evədək optika" layihəsi GPON ("Gigabit Passive Optical Network" – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında aparılır. Texnologiya fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma, kəsintisiz internet, videonəzarət və digər interaktiv xidmətləri istifadəçilər üçün əlçatan edir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR