• İQTİSADİYYAT

    11:45 14 may 2019

Azərbaycanda ilk dəfə "İnnovasiya Festivalı" keçiriləcək

29 may – 4 iyun tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, eləcə də təşkilatçılığı ilə Gənclər və İdman, Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı, ABŞ-ın Azərbaycandakı səfirliyi və “Azercell” şirkəti ilə birgə “İnnovasiya Festivalı” (“InnoFest”) keçiriləcək.

Nazirlikdən ONA-ya verilən məlumata görə, “InnoFest” çərçivəsində qlobal təşkilatların, şirkətlərin və nüfuzlu şəxslərin iştirakı ilə sammit və forumlar, robotexnika yarışları, kiberidman turnirləri, innovasiya, startap müsabiqələri, sərgilər və məşhur müğənninin iştirakı ilə konsert təşkil ediləcək.

Avropa, Yaxın Şərq və MDB olmaqla, üç regionda keçirilən “Monex Summit” tədbiri bu il 30 may – 1 iyun tarixlərində Bakıda keçiriləcək.

Tədbirdə “fintech” və bank sənayesinin ən mühüm liderləri bir araya gələcək.

Tədbirdə 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq natiq və 50-dək ölkədən nümayəndə iştirak edəcək.

İki gün davam edəcək tədbirdə “fintech” liderlər, “C-level” təmsilçilər, Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Gürcüstan və Şərqi Avropanın nəhəng banklarından olan ekspertlər Bakıda təcrübə mübadiləsi aparacaq.

İştirakçılar ödəniş, təhlükəsizlik, data və informasiya texnologiyaları üzrə qlobal şirkətlərin rəhbərləri ilə görüş, panel müzakirələrdə iştirak, b2b görüşlər, startapçılar üçün real sərmayə və potensial müştərilərlə əməkdaşlıq imkanı əldə edəcəklər.

Cari il mayın 31-dən iyunun 3-dək ilk Azərbaycan Gənclər İnternet İdarəçilik Forumu keçiriləcək.

Forumun təşkilində əsas məqsəd Azərbaycan və region ölkələri gənclərini bir araya toplayaraq rəqəmli sahə üzrə inkişaf tendensiyalarının müzakirə və şərh edilməsidir.

Tədbir internetlə bağlı problemləri müzakirə etmək üçün gənclər cəmiyyətini bir araya gətirərək maraqlı tərəflərlə çoxtərəfli dialoqun təşkilinə hesablanıb.

29-30 may 2019-cu il tarixlərində “Şərq tərəfdaşlığı” ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü çərçivəsində 4-cü “ICT innovation and startup ecosystems” istiqaməti üzrə növbəti seminar keçiriləcək. Seminarda Avropa Komissiyasının, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus respublikalarının nümayəndələri və xarici ekspertlər iştirak edəcək.

Həmçinin, HDM təşəbbüsü çərçivəsində 31 may 2019-cu il tarixində Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Ernst & Young” şirkətinin təşkilatçılığı ilə qlobal tədbir keçiriləcək. Tədbirdə “Ernst & Young” Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “EU4Digital” proqramının 6 istiqaməti üzrə 2019-2021-ci illərdə “Şərq tərəfdaşlığı” ölkədə həyata keçiriləcək layihələr barədə ölkə təqdimatı edəcək.

Tədbirdə Avropa Komissiyasının, “Ernst & Young”ın nümayəndələri, Azərbaycanda elektron ticarət, elektron gömrük, rəqəmli etimad və təhlükəsizlik, İKT innovasiya, elektron təlim, elektron səhiyyə sahələrində çalışan dövlət, özəl, ictimai təşkilatların nümayəndələri iştirak edəcək.

3 iyun tarixində “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu (“MAINTECH – 2019”) keçiriləcək.

Tədbirdə yerli innovativ məhsul və texnologiyaların ixrac perspektivləri, innovativ biznes ekosisteminin inkişafı, yaradılan məhsul və xidmətlərdən ölkə daxilində həm özəl, həm də dövlət sektoru tərəfindən istifadəsinin təşviq edilməsi üzrə təqdimat və müzakirələr yer alacaq. Forumda dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri, habelə, innovasiya ekosisteminin iştirakçıları, startaplar və xarici ölkələrdən olan nümayəndələrin iştirakı nəzərdə tutulur.

Heydər Əliyev Mərkəzinin Parkında yaradılacaq “InnoFest Village”də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi tərəfindən innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu, VR oyunlar, dronlarla, robotlarla iş imkanı yaradan təlimlərin keçirildiyi, əyləncə zonası ilə təchiz edilmiş “Robopark” Pavilyonu fəaliyyət göstərəcək.

Bundan başqa, “Azercell” şirkətinə məxsus əyləncə zonasında interaktiv oyunlar, şirkətin göstərdiyi xidmətlər, eləcə də, internet təhlükəsizliyi ilə bağlı məlumatlar, dişlərin və gözlərin pulsuz müayinəsi imkanı yaradan mobil klinika fəaliyyət göstərəcək.

Bakının ali təhsil müəssisələrini əhatə edən "İdeyadan Biznesə" layihəsi çərçivəsində 3 günlük startap müsabiqəsinin nəticələri də “InnoFest” çərçivəsində Heydər Əliyev Mərkəzində keçirilən Bakı Finalında bəlli olacaq.

Belə ki, “NanoDesal”, “AntiAge şirəsi”, “HealWith”, “Bumeranq”, “AgroShare”, “Plan to plant”, “Game of war and modern technologies”, “Palliativ Qayğı” və “Buqələmun” layihələri qalibiyyət uğrunda mübarizə aparacaq.

4 iyun 2019-cu il tarixdə 8-19 yaşlı yeniyetmə və gənclər arasında Azərbaycanda III Robot Olimpiadası keçiriləcək.

Bundan başqa Heydər Əliyev Mərkəzində Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı (“DronTech”) keçiriləcək.

1 iyunda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçiriləcək turnirdə “playstation” platformasında iki oyun növü “PES 2019” üzrə yarışlar təşkil olunacaq. Yarışın qalibləri pul mükafatı ilə təltif ediləcəklər.

ABŞ-ın Azərbaycandakı səfirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Mars Academy”nin dəstəyi ilə Bakıda ilk dəfə “TechFest” keçiriləcək. “TechFest Bakı” “özün yarat” (“birlikdə yarat”) ruhunda olan və öz nailiyyətlərini Azərbaycan xalqı ilə bölüşmək istəyənlər üçün nəzərdə tutulub.

“TechFest Bakı” yerli istehsalçılar üçün öz məhsullarını sərgiləmək, master-klasslarda iştirak etmək və layihələrini beynəlxalq münsiflər heyətinə təqdim etmək üçün geniş imkanlar təklif edir.

“İnnoFest” çərçivəsində keçiriləcək bütün bu qlobal tədbirləri 31 mayda "Monex Caspian" sammiti çərçivəsində "Elektra Events Hall"da keçiriləcək dünyaca məşhur müğənni İnnanın konserti müşayiət edəcək.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR