Nazirlər Kabineti “Respublika üzrə illik su təsərrüfatı balansının təsdiq edilməsi Qaydası”nı təsdiq edib.
ONA-nın məlumatına görə, Qaydaya əsasən, respublika üzrə illik su təsərrüfatı balansı su obyektlərində su ehtiyatlarının mövcudluğunun və onlardan istifadə dərəcəsinin qiymətləndirilməsi məqsədi daşıyır və su obyektlərinin istifadəsi və mühafizəsi məsələlərində planlaşdırmanın aparılması, suların dövlət uçotunun təkmilləşdirilməsi, sudan ödənişli istifadə və onun təyinatı sxeminin aydınlaşdırılması, su təsərrüfatının idarə olunmasında effektivliyin artırılması, bu sahədə xidmət göstərən subyektlərin maliyyə vəziyyətinin yaxşılaşdırılması və daha çevik tarif (qiymət) tənzimlənməsi üçün istifadə ediləcək.
“Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”na uyğun olaraq tərtib edilən respublika üzrə illik su təsərrüfatı balansının layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il avqust ayının 15-dək təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Nazirlər Kabinetinin digər qərarı ilə “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası” da təsdiqlənib. Sənəd Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilib.