Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5% artıb.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,1%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2% bahalaşıb.
Ay ərzində düyünün, unun, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, bitki yağlarının, limonun, naringinin, portağalın, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının, spirtli içkilərin qiymətlərində bahalaşma, qarabaşaq yarmasının, yumurtanın, kərə yağının, yerkökünün, çuğundurun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Ay ərzində qeyri-ərzaq mallarından ayaqqabıların, xalça və digər döşəmə örtüklərinin, mebel və ev əşyalarının, velosipedlərin, mobil telefonların, televizorların, zərgərlik məmulatlarının, dəftərxana ləvazimatlarının, kəsilmiş taxtanın, sementin, kərpicin, nitro, sulu və yağlı boyaların qiymətlərində artım, geyimin, soyuducuların, paltaryuyan maşınların, tozsoranların, noutbuk və planşet tipli kompüterlərin qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Cari ilin fevral ayında yanvar ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmizlənməsi, təmiri və kirayəsi, avtomobillərin təmiri, tibbi və stomatoloji xidmətlər, ölkə daxilində istirahət turları bahalaşıb, respublikadan kənara istirahət turları, dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər olmayıb.