Azərbaycanda maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin (1 yanvar 2019 il tarixinə) 64%-i icra edilib, 8%-i qismən icra edilib, 28%-nin isə icrası gözlənilir. ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Onun sözlərinə görə, telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi 50%, kiçik və orta sahibkarlıq səviyyəsində malların istehsalına dair Yol Xəritəsi 52%, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi isə 47% icra edilib.
Bundan başqa, V. Qasımlı əlavə edib ki, ölkədə uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi 66%, Azərbaycanın ağır sənaye və maşınqayırmanın inkişafına və milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritələri 47% icra edilib.
Ümumi nəticə olaraq 1 yanvar 2019-cu il tarixinə Strateji yol xəritələri üzrə fəaliyyətlərin 43% icra edilib, 9% qismən icra edilib və 48%-nin icrası isə gözlənilir.
1 yanvar 2019-cu il tarixinə əsasən icranı Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya 100%, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 100%, Vergilər Nazirliyi 95%, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 93%, "Azərişıq" ASC 81%, Mənzil İnşaatı Dövlət Agentliyi 79%, Dövlət Statistika Komitəsi 75%, Maliyyə Bazarına Nəzarət Palatası 68%, SOCAR 68%, "Azərsu" ASC 63%, Maliyyə Nazirliyi 55%, Əmlak Məsələləri Dövlət Komitəsi 53%, Mərkəzi Bank 52%, İqtisadiyyat Nazirliyi 46%, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 44% və digər qurumlar isə ortalama 47% həyata keçirib.