Bu ilin yanvar-mart aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 201,9 mln. manat təşkil edib. Bu barədə ONA-ya Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6% azalıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 43,6%-nı təşkil edib.
Cari ilin birinci rübündə informasiya və rabitə müəssisələri tərəfindən 463,5 mln. manatlıq xidmət göstərilib ki, onun da 71,5%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 7,6% artıb. Bu sahədə əldə olunan gəlirin 82,3%-i qeyri-dövlət sektorunun payına düşüb.