• İQTİSADİYYAT

    11:17 13 mart 2019

Azərbaycanda pərakəndə ticarət şəbəkəsinin dəyəri 2,6% artıb

2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6% üstələyərək 5,5 milyard manata bərabər olub.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ticarət dövriyyəsinin 2,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-fevral aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3% və 3% artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,7%-i ərzaq məhsullarının, 5,7%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,6%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

2019-cu ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,2%-i ticarət müəssisələri, 49,6%-i fərdi sahibkarlar tərəfindən, 31,2%-i isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,1% artıb, fərdi sahibkarlar üzrə 1,4%, bazar və yarmarkalarda 3,6% azalıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 7,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 140,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR