• İQTİSADİYYAT

    16:44 25 aprel 2019

CETCO: Azərbaycan neft-qaz sahəsində quyuların qazılması üzrə rekord göstəricilərə nail olacaq

Azərbaycanda 2019-2020-ci illərdə neft-qaz sahəsində quyuların qazılması üzrə yüksək və rekord göstəricilər əldə ediləcək. Bunu ONA-ya ABŞ-ın CETCO (qazma avadanlığı) şirkətinin regional təmsilçisi Artyom Kraşakov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələri ilə yanaşı başqa yataq və perspektiv sahələr (“Abşeron”, “Qarabağ”, “Şəfəq-Asiman”, “Ümid-Babək” və s.) üzrə işlər daha da aktivləşib.

“Bu işlər 2019-2020-ci illərdə quyuların qazılması üzrə Azərbaycanda yüksək və rekord göstəricilərə nail olmağa böyük imkanlar yaradacaq”, - deyə A. Kraşakov əlavə edib.

Şirkətin rəsmisi qeyd edib ki, hazırda bazarda böyük aktivlik və canlanma müşahidə edilir. Azərbaycan qazmaçıları və servis podratçıları ölkədə yeni rekordlara nail olub, artıq regional və beynəlxalq bazarlara çıxaraq fəaliyyət göstərir və yüksək keyfiyyətli xidmətlər göstərir. Bu da peşəkarlığın və yüksək səviyyənin göstəricisidir.

A. Kraşakovun fikrincə, Azərbaycanda neft-qaz sektorunun aktiv templərlə inkişafı və ölkənin bu sahədə olan təcrübəsi müxtəlif xarici şirkətləri daha çox cəlb edir.

“Biz ölkəyə qazma avadanlığını gətirdiyimiz üçün həm bizim sahədə, həm də Azərbaycanın neft-qaz sektorunda hazırda yer alan dinamik dəyişikliklərin şahidiyik”, - deyə o əlavə edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR