2019-cu ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3916,0 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,1% az vəsait yönəldilib.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 2,7% artıb. Ümumi sərmayənin 2527,8 milyon manatı və ya 64,5%-i məhsul istehsalı obyektlərinin, 1037,5 milyon manatı (26,5%-i) xidmət sahələri üzrə obyektlərin, 350,7 milyon manatı (9%-i) isə ümumi sahəsi 595,6 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb.
Ümumi sərmayənin 43,1%-i dövlət, 56,9%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 69,9%-i tikinti-quraşdırma işlərinə sərf edilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 69,4%-i təşkil edib. Əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 2375,6 milyon manat, bank kreditləri 227,8 milyon manat, büdcə vəsaitləri 1001,4 milyon manat, büdcədənkənar fondların vəsaitləri 47,3 milyon manat, əhalinin şəxsi vəsaitləri 250,5 milyon manat, sair vəsaitlər 13,4 milyon manat təşkil edib.