Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-fevral aylarında 7,6 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,6% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5% artıb.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 71,7%-i mədənçıxarma sektorunda, 22,7%-i emal sektorunda, 4,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı əvvəlki ilin müvafiq dövrünün səviyyəsində qalmış, əmtəəlik qaz hasilatı isə 34,3% artıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3 dəfə, mebel istehsalı 85,5%, maşın və avadanlıqların istehsalı 80,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 64%, içkilərin istehsalı 63,4%, kağız və karton istehsalı 50,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 49,6%, kompüter, elektron və optik məhsulların istehsalı 37,8%, kimya sənayesi məhsullarının istehsalı 33,2%, əczaçılıq məhsullarının istehsalı 26,8%, ağacın emalı və ağacdan məmulatların istehsalı 25,3%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 18,2%, tikinti materiallarının istehsalı 12,8% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 4,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 8,9%, hazır metal məmulatlarının istehsalı 12,4%, poliqrafiya məhsullarının istehsalı 15,7%, elektrik avadanlıqlarının istehsalı 24%, geyim istehsalı 27,1%, tütün məmulatlarının istehsalı 32,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 39,8% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,3 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,1 faiz artmışdır.