Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-mart aylarında 11,5 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6% artıb.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, sənaye məhsulunun 71,7%-i mədənçıxarma sektorunda, 22,9%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Hesabat dövründə mədənçıxarma sektorunda neft hasilatı 0,4%, əmtəəlik qaz hasilatı isə 36% artıb.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6%, içkilərin istehsalı 78,8%, ağacın emalı və ağacdan məmulatların istehsalı 72,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 59,3%, mebel istehsalı 58,7%, əczaçılıq məhsullarının istehsalı 44%, kağız və karton istehsalı 34,6%, kimya sənayesi məhsullarının istehsalı 32,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30%, maşın və avadanlıqların istehsalı 13,2 faiz, tikinti materiallarının istehsalı 8,5 faiz, tütün məmulatlarının istehsalı 7,2%, kompüter, elektron və optik məhsulların istehsalı 5%, poliqrafiya məhsullarının istehsalı 3,3%, sair nəqliyyat vasitələrinin istehsalı 2,6% artıb, metallurgiya sənayesi məhsullarının istehsalı 13,9%, elektrik avadanlıqlarının istehsalı 15%, hazır metal məmulatlarının istehsalı 22,6%, geyim istehsalı 28,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 36% azalıb.
Cari ilin birinci rübündə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,3% artıb.