• İQTİSADİYYAT

    15:34 27 may 2019

Azərbaycanda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb

Azərbaycanda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası İctimai Birliyi təsis olunub.

ONA-nın məlumatına görə, qurum ölkədə fəaliyyət göstərən taxıl istehsalçıları və emalçılarının təşəbbüsü, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə yaradılıb.

Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzində dövlət qurumlarının nümayəndələrinin, taxıl istehsalı və emalı ilə məşğul olan sahibkarların iştirakı ilə görüş keçirilib.

Tədbirə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, bu gün strateji istiqamətlərdən biri olan taxılçılığın inkişafı ilə bağlı bu sahəyə daha da diqqətin artırılması, dövlət dəstək mexanizmlərinin coğrafiyasının genişləndirilməsi məqsədilə və eyni zamanda bu istiqamətdə fəaliyyət göstərən istehsalçıların, idxalçıların, emalçıların qurumun yaradılması təşəbbüsü sahibkarlar tərəfindən ortaya gəlib.

"Taxılçılıq kənd təsərrüfatı sahəsinin əsas prioritet istiqamətlərindən olaraq, əhalinin çörəyə, un məmulatlarına tələbatının təmin olunması, eyni zamanda yeyinti sənayesinin xammal bazasının təmin olunmasında, bundan başqa kənd təsərrüfatının alt sahələrindən olan heyvandarlığın, quşçuluğun, yem bazasının təmin olunmasında çox vacib əhəmiyyət kəsb edir", - deyə nazir müavini bildirib.

Nazir müavini həmçinin bildirib ki, eyni zamanda bu sahələrin maliyyələşdirilməsi də diqqət mərkəzindədir.

"İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən iri təsərrüfatların 24-nə dövlətin güzəştli kreditləri ayrılıb. Bu günədək həmin 24 təsərrüfatın maliyyələşdirilməsinə 162 mln. manatlıq dövlətin güzəştli kreditləri verilib", - deyə nazir müavini qeyd edib.

Görüşdə iqtisadiyyat nazirinin müavin Sahib Məmmədov, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov iştirak ediblər.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR