Azərbaycan Respublikası Tarif (qiymət) Şurası bu gün ölkədə əhali qrupu üzrə təbii qazın istehlakına görə tətbiq edilən limitə yenidən baxıb.
ONA-nın məlumatına görə, bu gün sözügedən məsələ ilə bağlı keçirilən iclasda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Tarif Şurası tərəfindən təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 kubmetr həcmində müəyyən edilib.
"Bu gün Tarif Şurasının iclasında müvafiq qərar qəbul edilib. Bu zaman kifayət qədər böyük həcmdə qiymət fərqi yaranır. Bu maliyyə vəsaiti dövlət tərəfindən qarşılanacaq. Bu, Azərbaycan dövlətinin öz vətəndaşına göstərdiyi qayğıdır, diqqətdir və ölkə başçısının növbəti göstərdiyi humanizmdir", - deyə nazir bildirib.
Nazir onu da bildirib ki, bu günədək istehlak limiti 1 700 kubmetr idi, bu zaman 1,5 milyon abonent və ya 6 milyon nəfər bu rejimdən istifadə edirdi.
"Mövcud qərara əsasən, əlavə olaraq 300 min abonent də bu imkandan istifadə edəcək ki, bu da təxminən 1,2 milyon nəfər deməkdir. Beləliklə, əvvəlki rejimdə abonentlərin 70%-i güzəştli tariflərdən istifadə edirdisə, bugünkü qərardan sonra bu hədd 85%-ə qədər yüksələcək. Qərar may ayının 1-dən qüvvəyə minir", - deyə nazir qeyd edib.
Xatırladaq ki, Tarif Şurasının qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanırdı.