Gələn ildən etibarən Azərbaycan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) tədqiqat nüvə reaktorunun layihələndirməsi üzrə birgə işlərə başlayacaq. Bunu ONA-ya Nüvə Tədqiqatları Mərkəzindən deyiblər.
Mərkəzdən verilən məlumata görə, reaktorun əsaslandırılması üzrə bütün sənədləşmə 2022-ci ilədək başa çatdırılacaq və müvafiq sənədlər hökumətə təqdim ediləcək.
“Layihə üzrə strateji plan hazırlanıb. Bundan başqa, texniki əsaslandırma da hazırlanmalıdır. Texniki əsaslandırılmadan sonra reaktorun yerləşəcəyi yer tədqiq ediləcək və sənaye qurumlarının ehtiyacları təhlil olunacaq. İşlər başa çatdıqdan sonra Azərbaycan hökumətinə müraciət ediləcək”, - deyə Mərkəzdən qeyd ediblər.
Müraciət AEBA ilə hazırlanan hesabatlar əsasında işlənəcək. Layihəyə təkcə Nüvə Tədqiqatları Mərkəzi deyil, eləcə də Fövqəladə Hallar Nazirliyi, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi və ölkənin digər müxtəlif qurumları və nazirlikləri cəlb olunacaq.
“Tədqiqat nüvə reaktoru strateji obyekt olaraq respublikada gələcəkdə nüvə enerjisinin inkişafı üçün vacib rol oynayır. Bu sahədə aparılan işlər AEBA-nın tələbinə uyğundur. Güman edilir ki, layihənin icrası yaxın 10 ili əhatə edə bilər”, - deyə Mərkəzdən bildirilib.