Bu il mayın 1-nə olan məlumatlara görə, Azərbaycanda qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1 milyonu keçib.
ONA-nın Vergilər Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.
Onun sözlərinə görə, bu ilin ilk dörd ayında qeydiyyata alınanlarla birgə vergi ödəyicilərinin sayı 1 002 865-ə çatıb.
Bu göstəricinin artmasına ötən ilin sonunda qanunvericilikdə edilən dəyişikliklərin müsbət təsiri var: "2019-cu ilin yanvar-aprel ayları ərzində qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı 36 558 olub. Onlardan 4 584-ü hüquqi şəxslər, 31 974-ü isə fiziki şəxslərdir. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin sayında 32,4% artım müşahidə edilir. Ötən il yanvar-aprel aylarında 27 602 vergi ödəyicisi qeydiyyata alınıb. Qanunvericilikdə edilən dəyişikliklər, biznes mühitinin yaxşılaşması istiqamətində atılan addımlar vergi ödəyicilərinin sayına təsir edib".
Ə. Məmmədov qeyd edib ki, bu ilin yanvar-aprel aylarında qeydiyyatdan keçən 4 427 kommersiya-hüquqi şəxsin 70,6%-i elektron qaydada qeydiyyata alınıb. Cari ilin ilk dörd ayında qeydiyyatdan keçən vergi ödəyicilərinin 20 021-i və ya 54,8%-i regionların payına düşür.