Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və belə istifadəyə xitam verilməsi Qaydası”nı təsdiq edib.
ONA-nın məlumatına görə, Qaydaya əsasən avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən orqanın (qurumun) müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə həyata keçirilir.
Aşağıdakı hallarda və müddətdə avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması barədə qərarın qəbul edilməsi üçün ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən dövlət qurumu Komissiyaya müraciət edir:
- alternativ ödənişsiz avtomobil yolundan istifadəyə mane olan hallar yarandıqda – 6 aydan artıq olmayan müddətə;
- hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə – bu barədə qərarda qeyd olunmuş hallar başa çatanadək;
- avtomobil yollarında yenidənqurma və ya əsaslı təmir işləri görüldükdə – yenidənqurma və təmir işləri başa çatanadək;
- avtomobil yollarının müayinəsi zamanı müvafiq konstruksiya və mühəndis qurğularının möhkəmliyində qüsurlar aşkar edildikdə və zəruri yol işləri yerinə yetirildikdə, habelə iqlim şəraiti xeyli pisləşdikdə – müvafiq hallar aradan qalxanadək;
- yol hərəkətinin təhlükəsizliyi, insanların həyatı və ya əmlakı üçün real təhlükə yarandıqda – həmin təhlükə aradan qalxanadək;
- kütləvi tədbirlər keçirildikdə – həmin tədbirlər başa çatanadək.
Bu hallarda avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması barədə qərar ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən dövlət qurumunun müraciəti əsasında Komissiya tərəfindən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəyi nəzərə alınmaqla qəbul edilir və bu barədə Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə məlumat verilir. Fövqəladə hallar və təbii fəlakətlər, habelə qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zamanı avtomagistraldan istifadə ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən orqanın (qurumun) qərarı əsasında 24 saatdan artıq olmayan müddətə müvəqqəti məhdudlaşdırıla bilər. Bu barədə həmin müddət başa çatanadək müvafiq qərarın qəbul edilməsi üçün ödənişli avtomagistralın idarə edilməsini həyata keçirən orqan (qurum) tərəfindən Nazirlər Kabinetinə məlumat verilir. Qərar olmadan yol hərəkətinin müvəqqəti məhdudlaşdırılmasına və ya qadağan edilməsinə yalnız fövqəladə hadisələr, həmçinin qəza təhlükəsinin aradan qaldırılması ilə bağlı işlərin görülməsi zamanı, habelə qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müvafiq qurumun razılığı əsasında yol verilir.
Avtomagistralda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edildikdə, avtomobil yolunun sahibi avtomobil yolunun istifadəçilərinə nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılmasının və ya qadağan edilməsinin səbəbi, yeri, vaxtı və şərtləri, habelə alternativ yoldan istifadə imkanları barədə əvvəlcədən məlumat verməyə və bu məlumatın kütləvi informasiya vasitələri ilə yayımlanmasını təmin etməyə borcludur. Ödənişli avtomagistralda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərarda göstərilən şərtləri və ya qadağan edilməsi müddətini pozan və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdıran təqsirli şəxslər İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Avtomagistraldan ödənişli əsaslarla istifadə ilə bağlı qərarda göstərilən istifadə müddəti bitdikdə, Komissiyanın qərarı əsasında avtomagistraldan ödənişli əsaslarla istifadəyə xitam verilir və bu barədə kütləvi informasiya vasitələrində yayımlanmaqla, avtomobil yolunun sahibi tərəfindən əhalinin məlumatlandırılması təmin edilir.