"Fintex" – maliyyə texnologiyaları bazarı ili-ildən böyüyür, 2018-ci ildə maliyyə texnologiyalarına qoyulan sərmayə 111,8 mlrd. ABŞ dolları olub.
ONA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişaf şöbəsinin müdiri Rəşad Əzizov “Maliyyə və Texnologiyalar Sammiti”ndə (“Fintex Summit”) “Rəqəmsal ekosistemdə təhlükəsizlik” mövzusunda çıxışında bildirib.
R. Əzizov deyib ki, “fintex”in inkişafında startaplar mühüm rol oynayır: “Nazirlik bir neçə ildir ki, stratapların formalaşmasına dəstək verir, startaplara qrant ayırır. Azərbaycan Prezidentinin 6 noyabr 2018-ci il tarixli fərmanı ilə yaradılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnnovasiyalar Agentliyi bu sahədə mühüm rol oynayacaq. Bütün bankları İnnovasiyalar Agentliyi ilə əməkdaşlığa çağırıram”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri qeyd edib ki, artıq dünyada banklar şöbələrini azaldır: “Artıq dünyada yalnız elektron xidmətlər təklif edən banklar belə var”.
R. Əzizov nəzərə çatdırıb ki, dünyada kibertəhlükəsizlik sahəsində təhdidlərin azaldılması yönündə təşəbbüslər artır: “Kibetəhlükəsizliyin təmin olunmasında kibersığorta mühüm rol oynayır. 2022-ci ildə kibersığorta bazarı 18 mlrd. dollar təşkil edəcək. Azərbaycanda da kibersığortanın sığorta bazarına gəlməsi, sığorta şirkətlərinin bu sığorta məhsuluna maraq göstərməsi vacibdir”.