Azərbaycanın 5 rayonunda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb, ümumilikdə isə 35 rayonda uçot işləri başa çatıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, bunu Komitənin sədri Kərəm Həsənov qurum tərəfindən 2019-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu rayonlardan 26-da layihənin nəticələrinin təqdimatı keçirilib, 14 rayonunun məlumatları sistemə tam miqrasiya edilib.
Yeni yaradılmış Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) 1-ci mərhələsi respublikanın şəhər və rayon mərkəzlərini özündə əks etdirməklə artıq başa çatdırılıb və aralıq bazası da olmaqla 17 683 küçə və prospekti, 1 276 076 ədəd giriş ünvanını əhatə edir. Hazırda ÜRİS-nin 2-ci mərhələsi olan kənd yaşayış məntəqələrinə ünvanların verilməsi və sistemə işlənməsi işləri görülür. Ölkədə beynəlxalq qaydalara uyğun qurulmuş ünvan sahəsində də yenilik olan “Ünvan portalı” cari ildə də vətəndaşların xidmətindədir.
Torpaq idarəçiliyində effektiv dövlət nəzarətinin həyata keçirilməsi üçün Peyk Nəzarət Sistemi qurulur. Bu sistem vasitəsi ilə əldə ediləcək peyk məlumatları torpaqların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcəkdir. Hesabat dövründə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 504 hal üzrə inzibati protokollar tərtib edilib.