Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin “AZCLOUD” bulud provayderi rezervlənmə xidmətini ("Backup as a Service") istifadəyə verib.
Nazirlikdən ONA-ya verilən məlumata görə, bu xidmət sayəsində istifadəçilər bulud infrastrukturundakı bütün iş proseslərini şəxsi kabinetindən idarə edə bilər.
Təqdim edilən xidmət rezervlənmə sahəsində virtual mühitin monitorinqi üzrə ixtisaslaşmış “Veeam” şirkətinin “Cloud Connect” texnologiyası əsasında qurulub. Bu texnologiyanın əsas üstünlüklərinə onun 10 dəqiqə ərzində quraşdırılması, qlobal şəbəkələr (WAN, Wide Area Networks) üzərindən “WAN Acceleration” rezervlənmə sürətləndiricisi vasitəsilə 50 qat prosesi daha da sürətləndirməsi və istifadəçilərin kompüter və ziyarət etdikləri sayt arasındakı əlaqənin təhlükəsiz olduğunu təmin edən SSL (SSL, Secure Sockets Layer) təhlükəsizlik protokolu ilə mühafizə olunan bağlantı üzərindən rezervlənmə imkanları aiddir.
Xidmətin digər üstünlükləri “AZCLOUD” istifadəçisinin virtual infrastrukturunun bulud mühitində tam avtomatlaşdırılmış şəkildə rezervlənməsi, eləcədə, idarə edilməsi və tez bir zamanda bərpası üçün vahid konsolun təqdim edilməsi, mütəxəssislər tərəfindən 24/7 dəstək xidməti və xarici bulud provayderindən 3 dəfə daha sürətli olmasıdır.