Azərbaycanın simsiz CDMA rabitə operatoru olan “Aztrank” fəaliyyəti tam dayandırıb. Bu barədə ONA-ya şirkətdən bildirilib.
Şirkətdən verilən məlumata görə, hazırda “Aztrank”ın CDMA abunəçiləri istifadə etdikləri mövcud nömrələri saxlamaqla “Baktelecom” MMC tərəfindən stasionar rabitəyə qoşulurlar.
“CDMA rabitə xidmətləri üzrə Aztrank”a avans ödəyən abunəçilərə ödədikləri məbləğ onlar tərəfindən edilən müraciətlərə əsasən geri qaytarılır”, - deyə şirkətdən bildiriblər.
“Aztrank”dan həmçinin bildirilib ki, son 3 il ərzində şirkət faktiki olaraq ziyanla fəaliyyət göstərib və ötən müddət ərzində “Baktelecom” qarşısında kifayət qədər borc yaranıb.
“Borc əsasən nömrə tutumlarının icarəsi üzrə yaranıb. Belə ki, əyər əvvəllər hər bir nömrənin icarəsinə “Azrtank” tərəfindən 2,5 manat ödənilirdisə, bu məbləğ artırılaraq 7,5 manata çatdırıldı. Abunəçilərin isə böyük əksəriyyəti 3,8 manatlıq aylıq limitli paketdən istifadə edirdi. Əlbəttə, burada böyük fərq yaranır və bunun nəticəsində şirkət zərərlə üzləşirdi”, - deyə “Aztrank”dan bildiriblər.
Qeyd edək ki, “Aztrank” Bakı, Abşeron və Sumqayıtda “437” indeksi ilə simsiz rabitə xidməti göstərirdi. Operatorun abunə bazası son 3 ildə təqribən 5 dəfə azalaraq təxminən 400-ə yaxın təşkil edirdi.