Bu ilin birinci rübündə 5 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri tamamlanıb. Əmlak Məsələləri Dövlət Komitəsindən ONA-ya verilən məlumata görə, ümumilikdə 35 rayonda uçot işlər başa çatıb və onlardan 26-da layihənin nəticələrinin həmin rayonların ictimaiyyəti üçün təqdimatları keçirilib. Həmçinin 15 rayonunun məlumatları sistemə tam miqrasiya edilib və praktiki istifadə üçün aidiyyəti orqanların istifadəsinə verilib.
Cari ilin ilk rübündə 40 min hektardan artıq ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparılıb. Ümumilikdə isə 3 milyon hektara yaxın ərazidə çöl torpaq tədqiqatı işləri aparılıb və keyfiyyət göstəriciləri müəyyən edilib.
Torpaqların keyfiyyət göstəriciləri laboratoriya vasitəsilə müəyyənləşir. Cari il ərzində 2,5 milyon ha ərazinin torpaq nümunələri laboratoriya şəraitində analiz olunub.
Bununla yanaşı bu günədək 455 bələdiyyə xəritəsi hazırlanaraq təsdiq edilməsi üçün həmin rayonların icra hakimiyyətlərinə təqdim olunub, bundan 308 bələdiyyənin xəritəsi müvafiq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılıb və Milli Məclisə təqdim olunmaq üçün Azərbaycan Prezidenti Administrasiyasına təhvil verilib, 6 bələdiyyə razılaşdırılaraq təsdiq olunan və şöbəyə təhvil verilib, 141 bələdiyyə isə müvafiq rayon-şəhər icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılma mərhələsindədir.
Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində 600 min hektardan çox ərazinin torpaq və şorlaşma xəritələri tərtib edilib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu sahədə görülən işlər daha da intensivləşəcək.