Bu il ərzində Azərbaycanın ümumi daşınmaz əmlak bazarında təxminən 6-8%-lik qiymət artımı proqnozlaşdırılır. Bunu ONA-ya "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, 2017-ci ilin 2-ci yarısında və 2018-ci ilin 3-cü rübü ərzində tikinti sektorunda, xüsusən də yaşayış mənzillərinin tikintisində böyük canlanma müşahidə olunub: "Lakin ötən ilin 4-cü və cari ilin 1-ci rübündə təməli yeni qoyulan binaların sayında 2 dəfə yaxın azalma qeydə alınıb. Qiymətlər də isə artım var. Ümumi bazar üzrə son 1 il ərzində təxminən 6%, mənzil bazarında isə 7% artım mövcuddur. Burada söhbət həm ilkin, həm də təkrar bazarda olan vəziyyətdən gedir", - deyə N. İbrahimov qeyd edib.
Ekspertin sözlərinə görə, torpaq sahələrində vəziyyət fərqlidir və bu sahədə tələb mövsümdən asılı olaraq formalaşır.
"Ümumiyyətlə, torpaq bazarında hər zaman artım müşahidə olunur. Əlbəttə, əvvəlki illərdən fərqli olaraq, bu artım az-az müşahidə olunur. Məsələn, 2005-2007-ci illərdə orta illik artım 20-25% təşkil edirdisə, hazırda bu göstərici 4-6%-dır. Bu, onunla əlaqədardır ki, boş torpaq sahələrinin sayı zaman keçdikcə azalır. Yəni, adambaşına düşən torpaq sayında ciddi azalmalar var", - deyə N. İbrahimov bildirib.