• İQTİSADİYYAT

    17:22 17 aprel 2019

Azərbaycanın dövlət büdcəsinin gəlirləri 19%, xərcləri isə 14% artıb

Bu ilin birinci rübü ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri 5 439,7 mln. manat, xərcləri isə 5 035,9 mln. manat təşkil edib.

ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə 403,8 mln. manatlıq profisit yaranıb.

Ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirlərinin həcmi 19,2%, xərcləri isə 14,2% artıb.

Hesabat dövründə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 672,9 mln. manat vəsait daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 236,4 mln. manat və ya 16,5% çoxdur.

Həmin vəsaitin 69,1%-i və yaxud 1 155,4 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2019-cu ilin birinci rübündə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 1 014,1 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,5% və yaxud 287,1 mln. manat çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 93,8 mln. manat təşkil edib.

Sair daxilolmalar üzrə büdcəyə 43,9 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və yaxud 22,3 mln. manat çoxdur.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 2 615,0 mln. manat vəsait transfert edilib.

İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 41,8%-i və ya 2 104,5 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,5% və ya 343,2 mln. manat çoxdur.

Hesabat dövründə dövlət büdcəsi xərclərinin 2 707,3 mln. manatı və ya 53,8%-i cari xərclərə, 1 984,4 mln. manatı və ya 39,4%-i əsaslı xərclərə, 344,2 mln. manatı və ya 6,8%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Dövlət əsaslı vəsait qoyuluşu xərclərindən cari ilin birinci rübündə 927,7 mln. manat istifadə edilməklə elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 210 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər investisiya layihələrinə 717,7 mln. manat vəsait yönəldilib.

2019-cu ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Nicat

Teqlər:

SON XƏBƏRLƏR