Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlər 9-12 aprel tarixində Minskdə (Belarus) keçiriləcək TIBO-2019 sərgisində milli pavilyonda təqdim olunacaq. ONA-nın xəbərinə görə, sərginin işində iştirak edəcək ölkənin nümayəndə heyətinə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov rəhbərlik edəcək.
Milli pavilyona gələn qonaqlar telekommunikasiya, kosmik sənaye, “elektron hökumət”in qurulması və s. sahələrdə icra olunan layihələrlə tanış olacaqlar.
TIBO sərgisinin intensiv iş proqramı çərçivəsində yerli və xarici ekspertlər, dövlət qurumlarının nümayəndələri və biznes icmaları beynəlxalq təcrübəni təhlil edəcək, iqtisadiyyatın əsas sektorlarının, sosial sahənin və dövlət idarəetmə sisteminin rəqəmsal çevrilməsinin aktual məsələlərini müzakirə edəcəklər.