Azərbaycanda inşa edilən “Laçın” adlanan ilk neftdaşıyan tankerin istifadəyə verilməsi yay aylarında nəzərdə tutulub.
ONA-ya etibarlı mənbə tərəfindən verilən xəbərə görə, tankerin tikintisi tam başa çatdırıldıqdan sonra onun dəniz şəraitində sınağı keçiriləcək: “Sınaq işlərindən sonra gəmi istifadəyə veriləcək ki, bu da təxminən bu ilin iyun-iyul aylarında baş tutacaq”.
Mənbənin sözlərinə görə, tanker artıq suya endirilib və hazırda onun inşası davam etdirilir.
Qeyd edək ki, fevral ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında eyni tipli daha iki tankerin tikintisi üçün yeni müqavilə imzalanıb.
Bu tip yeni nəsil tankerlərin uzunluğu 141 metr, eni 16,9 metr, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 ton olan tankerlər iki ədəd hər biri 1,200 kVt gücə malik “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib. 11 nəfərlik heyətlə idarə olunan bu gəmilər 10 uzellə hərəkət edir. Tankerlərin hər biri xam neft və neft məhsullarının daşınması üçün ümumi tutumu 9 212 kubmetr olan 6 yük tankına malikdir. Unikallığı ilə seçilən bu üzən vasitələrin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.
Gəmiçiliy tərəfindən son 5 ildə 20 müxtəlif təyinatlı gəmi alınaraq istismara verilib. Gəmiçiliyin donanmasının yenilənməsi planı çərçivəsində növbəti 10 ildə 70–dən çox gəminin alınması və Bakı Gəmiqayırma Zavodunda tikintisi planlaşdırılır. Bura tanker, quru yük, bərə, kran, sərnişin, dalğıc, təchizat-yedək, yedək, yanğınsöndürən, torpaqqazan, dibdərinləşdirən gəmilər daxildir.