"Azərkosmos” ASC-nin Azərbaycanda ilk dəfə keçirdiyi raket modelçiliyi – “Rocketry Azerbaijan” festivalı başa çatıb.
ASC-dən ONA-ya verilən məlumata görə, Azərbaycan Təhsil Nazirliyi ilə birgə keçirilən “CanSat Azərbaycan 2019” tələbə model peyk müsabiqəsi çərçivəsində baş tutan festivalda müsabiqənin layihələndirmə mərhələsini keçən komandalar iştirak edib.
Festival çərçivəsində “Azərkosmos” və Rusiya Federasiyasının “Kassiopeya” fondunun mütəxəssisləri tərəfindən müsabiqə iştirakçılarına daşıyıcı raketlərin strukturu, xüsusiyyətləri və iş prinsipi barədə təlim verilib. Təlim əyani olaraq raket modelləri üzərində keçirilib.
Təlim mərhələsi bitdikdən sonra iştirakçılar “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin (ƏYPİM) ərazisində raket modellərinin real uçuşunun şahidi olublar. Raketlər səmaya buraxılmazdan əvvəl “CanSat Azərbaycan 2019” müsabiqəsinin iştirakçılarının hazırladıqları 350 qramlıq model peyklər raketlərin daxilinə yerləşdirilib. Hündürlüyü 120 santimetr, çəkisi 1000 qram və 100 Ns dartı qüvvəsinə malik olan daşıyıcı raketlər ƏYPİM-in ərazisində yerləşən start məntəqəsində 300 metr yüksəkliyə qədər qaldırılıb. Səmaya buraxılan raketlərdən ayrılan peyk modelləri vasitəsilə yerüstü stansiyaya siqnal – telemetriya ötürülüb və ərazinin hündürlüyü, temperatur və təzyiqini müəyyən etmək mümkün olub.