Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.
"Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) “APA-Economics”ə verilən məlumata görə, hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.
“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Azərbaycanın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Fizuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirdi.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aeronaviqasiya xidmətinə görə məsuliyyət Çikaqo konvensiyasının (ICAO-nin 7300 nömrəli sənədi) prinsiplərinə uyğun olaraq AZANS Hava Hərəkəti İdarəsinə həvalə edilib. Bu məsuliyyət hədləri ICAO Şurası tərəfindən təsdiq edilib və Azərbaycanın suveren ərazilərinə müvafiqdir.
ICAO Azərbaycanın öz ərazisi üzərindəki hava məkanında mütləq suverenliyini dəfələrlə təsdiq və qeyd edib.
Məkanın işarələri 7910/178 nömrəli Sənədin müddəalarına müvafiq olması məqsədilə ICAO tərəfindən yoxlanılır. Rüblük sənədə dəyişikliklər yalnız müvafiq qaydada nəzərdən keçirildikdən sonra daxil edilir.
Qeyd edək ki, işğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olmuşdur. Həmin ərazidəki mülki aviasiya infrastrukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib.
Beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə, uzun illər Ermənistan işğalı altında qalan ərazilər üzərində aeronaviqasiya təminatının bərpa edilməsi üzrə işlər yerinə yetiriləcək. Bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişaf etməsinə kömək edəcək.