Şahidi olduğumuz son iqtisadi böhrandan bir neçə il keçməsinə baxmayaraq, dünya iqtisadiyyatı hələ də hər hansı müvəqqəti və iqtisadi məna daşımayan vəziyyətlərə çox həssas olaraq qalır. Məsələ koronavirusun (COVID-19) yayılmasının qlobal enerji bazarlarına necə təsir etməsidir. Söhbət həm də bir virusun qısa müddət ərzində qlobal iqtisadiyyatı sabit vəziyyətdən çıxara bilməsindən, dünya neft bazarının iri iştirakçıları arasında razılığın əldə oluna bilməməsindən və dünya neft qiymətlərinin kəskin azalmasına səbəb olmasından gedir.
Vəziyyəti qiymətləndirmək üçün hadisələrin xronologiyasına diqqət yetirmək gərəkdir. Belə ki, martın 6-da "OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Hazırkı razılaşmanı sadəcə cari ilin II rübünün sonunadək uzatmağın mümkün olduğunu bildirib. Nəticədə, aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır və Səudiyyə Ərəbistanı, mediada yayılan məlumatlara görə, hasilatı artırmaq və neftin qiymətini aşağı salmaq niyyətində olduğunu açıqlayıb.
Onu da xatırlatmaq lazımdır ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi "OPEC+" ölkələri arasında proporsional qaydada aparılıb.
Bunların nəticəsində martın 9-da dünya bazarlarında neft kəskin ucuzlaşıb və bu da bir çox ölkədə ABŞ dollarının məzənnəsinin kəskin artmasına səbəb olub. Bu vəziyyət Azərbaycanın neft hasilatçısı ("OPEC+" təşəbbüsünün iştirakçısı) olduğu şəraitdə vətəndaşlar arasında da suallar yaradıb. Qeyd etmək lazımdır ki, mövcud narahatlıq və ajiotaj cəhdləri (vətəndaşlar arasındasa kütləvi şəkildə dollar almaq istəyi və bundan istifadə etmək istəyənlərin niyyəti) əsassızdır. Bu, boş sözlər və ya fərziyyələr deyil. Belə ki, biz 2014-cü ildən başlanan qlobal maliyyə böhranı fonunda belə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və son illərdə dayanıqlılığın daha da möhkəmlənməsinin şahidi olduq.
Hazırda ölkə iqtisadiyyatının iqtisadi təlatümlərə tam hazırdır. Belə ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları - 52 mlrd. ABŞ dolları (ÜDM-in həcmini 8% üstələyir) təşkil edir. Bununla yanaşı, ölkənin xarici dövlət borcu ÜDM-ə nisbəti 17% (dünyada ən aşağı göstəricilərdəndir) səviyyəsindədir. Son 16 il ərzində Azərbaycan öz iqtisadiyyatını 3,4 dəfə artıra bilib. Yoxsulluq səviyyəsi 50%-dən 4,8%-ə endirilib. Hazırda da ölkədə iqtisadi inkişafın davamlılığı təmin edilir. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə müsbət inkişaf dinamikası davam edir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında qeyri-neft ÜDM-i 6,7%, ÜDM isə 2,8% artıb, inflyasiyanın səviyyəsi 2,8% təşkil edib.
İqtisadiyyatın inkişafına və dayanıqlığına yönələn tədbirlər təkcə rəqəmlərlə ifadə edilmir. İqtisadiyyatın möhkəmlənməsini təmin etmək üçün milli iqtisadiyyatın inkişaf xüsusiyyətlərini və perspektivlərini ehtiva edən çevik dövlət tənzimləməsi tətbiq edilir (vergi və gömrük rüsumlarının effektivliyinin artırılması və s.). Bununla yanaşı, istehlak bazarına ciddi nəzarətin təşkili təmin edilir. Vəziyyətdən sui-istifadə etməyə çalışanlara, süni qiymət artımına yol verənlərə və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaratmağa cəhd edənlərə qarşı sərt tədbirlər görülür.
Dünyada koronavirus infeksiyasının yayılmasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə əsas neft ixracatçıları arasında hasilatın həcmi barədə fikir ayrılığının yaranması dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasına səbəb olub. Bunun fonunda Azərbaycan hökuməti dünya iqtisadiyyatında gedən prosesləri diqqət mərkəzində saxlayaraq baş verə biləcək neqativ iqtisadi tendensiyaların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması üçün preventiv tədbirlər planlarına malikdir. Belə ki, neftin qiymətinin kəskin ucuzlaşmasının tədiyyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb. Bu ssenarilərə uyğun olaraq, zərurət yarandığı hallarda müvafiq sabitləşdirici tədbirlər paketi həyata keçiriləcək.
Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” mövcuddur. 2019-cu ilin yekunlarına görə, strateji valyuta ehtiyatlarımız ÜDM-in 100%-ni ötür, valyuta ehtiyatları xarici dövlət borcunu 6 dəfə üstələyir. Valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var. Həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcək. Eyni zamanda, dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdiriləcək.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov da neftin qiymətinin kəskin azalmasının ölkə iqtisadiyyatına təsirini şərh edərkən bildirib ki, hökumətin AMB-nin "B" planı var və bu plan məhz neftin bu qiyməti (30-35 ABŞ dolları) üçün əvvəldən hazırlanıb. “Hazırda hökumət bu plana əsasən fəaliyyət göstərir. Biz problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhalini sakitliyə çağırıram. Hökumətin, bizim gördüyümüz tədbirlərdən görünür ki, tələbat tam şəkildə təmkinlə qarşılanır. İnsanlara çağırışımız odur ki, öz hərəkətləri ilə bizə kömək olsunlar ki, problemin daha tez həllinə nail olaq", - deyə Elman Rüstəmov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda süni qiymət artımına yol verənlərə və valyuta fırıldaqçılarına qarşı da olduqca ciddi tədbirlər görüləcək.
AMB sədri dollar vasitəsilə inflyasiyanın artması variantını istisna edib. “Çünki inflyasiyanın ən başlıca lövbəri məzənnədir. Məzənnədə dəyişiklik olmasın deyə, tədbirlər görürük, deməli, bu faktorun inflyasiyaya təsirini gözləmirik. Lakin obyektiv faktorları da bilirik. Koronavirusun yayılması ilə müəyyən təchizat problemləri ortaya çıxa, müəyyən fırıldaqçılar bundan istifadə edə bilər. Hökumət bu məsələni nəzarətdə saxlayacaq. Həmçinin, ölkənin təchizatının yaxşılaşdırılması tədbirləri də görüləcək. Eyni zamanda bu vəziyyətdən sui-istifadə edənlərə, süni qiymət artımına yol verənlərə və valyuta fırıldaqçılarına qarşı çox ciddi tədbirlər görüləcək", - E. Rüstəmov vurğulayıb.
Qeyd etmək lazımdır ki, koronavirusun yayılması səbəbindən qlobal iqtisadiyyatda yer alan mənfi tendensiyalar qısamüddətli xarakter daşıyır və tez bir zamanda öz həllini tapacaq. Əlbəttə, Azərbaycan etibarlı neft tədarükçüsüdür, dünya iqtisadiyyatının ayrılmaz hissidir və baş verən neqativ vəziyyətinin təsirini hiss etməyə bilməz. Amma indi biz ölkə iqtisadiyyatının bu kimi təsirlərə hazır olduğu deyə bilərik. Dünyada baş verən neqativ iqtisadi meyllər fonunda belə, Azərbaycan iqtisadiyyatı dayanıqlıq nümayiş etdirir, ölkə iqtisadiyyatı inkişaf edir, respublikanın maliyyə imkanları genişlənir
Onu da vurğulamaq lazımdır ki, 2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsinin xərcləri, o cümlədən bütün sosial layihə və öhdəliklər nəzərdə tutulan qrafik üzrə tam həcmdə və vaxtında icra olunur, heç bir sosial layihənin təxirə salınması nəzərdə tutulmur. Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkədə iqtisadi artıma və məşğulluğa mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə olunacaq. Bununla yanaşı, istehlak bazarına ciddi nəzarət edilir və vəziyyətdən sui-istifadə etməklə baş verə biləcək süni qiymət artımına və əsassız qıtlığa qarşı sərt tədbirlər görüləcək.
Qeyd olunanları E. Rüstəmovun sözləri ilə yekunlaşdırmaq məqsədəuyğun olardı: "Problemi layiqincə qarşılamaq üçün imkanlarımız mövcuddur".
APA-Economics