“Azərsun Holdinq” yarandığı gündən ölkənin qida sənayesinin və kənd
təsərrüfatının inkişafı üçün saysız işlər görür, müxtəlif layihələr həyata
keçirir. Aqrar sahənin təkmilləşməsinə və yüksək ixtisaslı mütəxəssislərin
yetişdirilməsinə davamlı olaraq dəstək verən şirkətlər qrupu bu dəfə Ege
Universitetində təhsil alan 20 azərbaycanlı magistrin 1 illik yataqxana
xərcini ödəyib. Bununla bağlı Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU),
Ege Universiteti və Azərsun Holdinq arasında memorandum imzalanıb.
ADAU ilə Ege Universiteti arasında həyata keçirilən Beynəlxalq ikili diplom
proqramı çərçivəsində ilk məzunlardan 20 nəfər hal-hazırda magistratura
səviyyəsində təhsillərini davam etdirirlər. Bu gənc tədqiqatçılar, gələcəkdə
Azərbaycanın kənd təsərrüfatının inkişafına böyük töhfələr verəcək və
ölkəmizin bu sahədəki inkişafına önəmli təsir göstərəcək.
Qeyd edəki, bu təşəbbüs “Azərsun Holdinq”in mərhum qurucusu Abdolbari
Gozal tərəfindən irəli sürülüb. Onun rəhbərliyi altında “Azərsun Holdinq” 33
il ərzində yüzlərlə sosial layihə həyata keçirərək ölkə həyatının müxtəlif
sahələrində mühim işlər görüb. Yerli kadrların hazırlanmasını fəaliyyət
prioritetlərindən hesab edən Abdolbari Gozal kənd təsərrüfatının inkişafını
və mütəxəssislərin yetişdirilməsini həmişə ön planda tutub. Bu gün də
icrası davam etdirilən bu təşəbbüslər, Azərbaycanın iqtisadi inkişafını təmin
edərək, ölkəmizin gələcəkdə daha güclü və inkişaf etmiş kənd təsərrüfatı
sektoruna sahib olmasına zəmin yaradır.