İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə növbəti ixrac missiyası aprel ayının 7-də Latviyanın Riqa şəhərinə yola düşəcək.
ONA-nın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixracının artırılması məqsədi ilə təşkil olunan ixrac missiyasına qida, şərab və digər spirtli içkilər, turizm və tekstil sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxildir.
Missiya çərçivəsində Latviya və Azərbaycan şirkətlərinin iştirakı ilə işgüzar görüşlər keçiriləcək, Azərbaycan şərablarının dequstasiya mərasimi təşkil olunacaq. İxrac missiyası 7-10 aprel tarixilərini əhatə edəcək.