Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan ixracı 4,5 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,1 mlrd. ABŞ dolları və ya 34% artıb.
ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Onun sözlərinə görə, bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 415 mln. dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-mart ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 59 mln. dollar və ya 16,5% artıb.
"Bu ilin birinci rübü ərzində Rusiyaya 115 mln. dollar, Türkiyəyə 99 mln. dollar, Gürcüstana 50 mln. dollar, İsveçrəyə 33,7 mln. dollar və İrana 12,7 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk üç ayında Rusiyaya qeyri-neft ixracı 17%, Türkiyəyə 2%, Gürcüstana 58%, İtaliyaya 74% artıb", - deyə R. Hüseyn qeyd edib.
Cari ilin I rübündə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (38,4 mln. dollar) birinci, qabığı təmizlənmiş meşə fındığı (38,4 mln. dollar) ikinci və mahlıc (37,4 mln. dollar) üçüncü olub.
R. Hüseynin sözlərinə görə, ümumiyyətlə, 2019-cu ilin birinci rübü ərzində meyvə-tərəvəz ixracı 103,5 mln. dollar, elektrik enerjisinin ixracı 38,4 mln. dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 48,4 mln. dollar, pambıq lifi ixracı 37,7 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 22,3 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 17,6 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 11,6 mln. dollar, alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,5 mln. dollar, pambıq ipliyi ixracı isə 6,4 mln. dollar təşkil edib.
"Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında pambıq lifinin ixracı 2,8 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,8 dəfə, plastmas və onlardan hazırlanan məmulatların ixracı 50%, kimya sənayesi məhsullarının ixracı 42%, pambıq ipliyinin ixracı 34%, meyvə-tərəvəzin ixracı 28%, elektrik enerjisinin ixracı 13% artıb", - deyə R. Hüseyn bildirib.
Mərkəzinin departament rəhbəri həmçinin bildirib ki, 2019-cu ilin mart ayında qeyri-neft sektoru üzrə ixrac 133,7 mln. dollar təşkil edib. Bu ilin mart ayında qeyri-neft sektoruna aid ən çox mal Türkiyəyə (35,7 mln. dollar), Rusiyaya (33,3 mln. dollar) və Gürcüstana (13,2 mln. dollar) ixrac edilib.
R. Hüseyn onu da əlavə edib ki, 2019-cu ilin mart ayında qeyri-neft sektoru üzrə ixracda qabığı təmizlənmiş meşə fındığı (13,7 mln. dollar) birinciliyi ələ alıb. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 12,3 mln. dollar) ikinci, daranmaya məruz qalmamış pambıq lifi (11,4 mln. dollar) üçüncü yerdə qərarlaşıb.