Neftçala Sənaye Məhəlləsində 21 iştirakçı tərəfindən 50 mln. manatdan çox investisiya yatırılıb və 700-dən artıq iş yeri yaradılıb.
ONA-nın məlumatına görə, bunu "KOB evi"nin təqdimatında çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin 14 iştirakçısı tərəfindən 81 mln. manat investisiya yatırılması və 1 200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
"Ümumilikdə, sənaye parklarının rezidentləri və sənaye məhəllələrinin iştirakçıları tərəfindən qoyulmuş investisiyanın 540 mln. manata qədəri 2019-cu ilin birinci rübündə qoyulmuş investisiyalardır", - deyə nazir müavini bildirib.
Nazir müavini onu da qeyd edib ki, indiyədək 362 layihəyə investisiya təşviqi sənədi verilib. Azərbaycanın 8 iqtisadiyyat rayonu əhatə edən bu layihələrə 3 mlrd. dolardan çox investisiya yatırılması, 23,7 minədək yeni iş yerinin açılması nəzərdə tutulur.
"İndiyədək 35 800-dən çox sahibkara 2,3 mlrd. manatadək, o cümlədən müasir texnologiyaların tətbiqi 470-dək müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinə 1,4 mlrd. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 170 minə yaxın yeni iş yerlərinin açılması təmin olunub. Layihələrin ümumi dəyəri 148 mln. manatdan çox, 233 sahibkara geri qaytarılan vəsaitlər hesabına 2019-cu ilin ötən dövrü ərzində 34 mln. manat güzəştli kredit verilib", - deyə N. Səfərov bildirib.