Bu ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 129 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 69 ölkəyə məhsul ixrac, 126 ölkədən idə idxal olunub.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2 504,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 1 482,2 milyon dollar, idxalın dəyəri 1 022,7 milyon dollar təşkil edib, nəticədə 459,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3%, o cümlədən idxal 48,3% artıb, ixrac isə 3,8% azalıb. Real ifadədə dövriyyə 5,9%, o cümlədən idxal 17,7%, ixrac 0,7% artıb.
İxracın 34,7%-ni İtaliyaya, 10%-ni Türkiyəyə, 7,9%-ni Portuqaliyaya, 6%-ni İsrailə, 5,5%-ni Çexiyaya, 4,8%-ni Hindistana, 4,5%-ni Vyetnama, 3,9%-ni Gürcüstana, 3,8%-ni Rusiyaya, 3,5%-ni Tailanda, 3%-ni Ukraynaya, hər biri 2,9% olmaqla Birləşmiş Krallıq və Yunanıstana, 2,7%-ni Almaniyaya, qalan 3,9%-ni isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 11,8%-i Rusiya, 9%-i Türkiyə, 8,6%-i Çin, 7,9%-i Avstraliya, 7,7%-i İran, 6,2%-i ABŞ, 4,6%-i Belarus, 4,4%-i Almaniya, 4,2%-i Norveç, 3,6%-i Kanada, 3,5%-i Ukrayna, 3,2%-i Yaponiya, 25,3%-i isə digər ölkələrlə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2019-cu ilin yanvar ayında ölkədən 137,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 12,1%, real ifadədə isə 4,4% çoxdur.