• İQTİSADİYYAT

    17:43 9 aprel 2019

Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsinin həcmi 25%-dək artacağı gözlənilir

Bu il ərzində Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin 25%-dək artacağı gözlənilir. Bunu ONA-ya Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının Bazarın təhlili və kommunikasiya şöbəsinin rəhbəri Nigar Bayramlı deyib.

Onun sözlərinə görə, 2015-2017-ci illərdə ölkələrarası ticarət dövriyyəsində 50%-ə yaxın azalma müşahidə olunurdusa, ötən ildən bu sahədə göstəricilər artımla əvəzlənməyə başladı.

“Ötən il ölkələrarası ticarət dövriyyəsində 23-25%-dək artım müşahidə olunub. Cari ildə də bu göstərici üzrə eyni şəkildə artım gözlənilir”, - deyə N. Bayramlı qeyd edib.

Azərbaycanda Almaniya investisiyalı olan şirkətlərin sayına gəldikdə N.Bayramlı qeyd edib ki, onların sayı az olsa da, təmsilçi olan Almaniya şirkətlərinin ofisləri Azərbaycanda çoxluq təşkil edir.

“Hazırda ölkə üzrə belə şirkətlərin sayı 130-a yaxındır. Bunlardan təxminən 60%-i Almaniya şirkətidir, qalanları isə Azərbaycan şirkətləridir ki, onlar ölkədə ya Almaniya brendini təmsil edir, ya da alman şirkətlərinin Azərbaycanda idxal-ixrac fəaliyyəti üzrə distributorlarıdır. Bildiyimiz kimi, 2016-cı ildə neftin qiyməti kəskin şəkildə aşağı düşdü və Azərbaycan bazarı əvvəl olduğu qədər xarici investorlar üçün maraq kəsb etməməyə başladı. Bu ildən etibarən isə yanaşma dəyişməyə doğru gedir və bu sahədə canlanma müşahidə olunur”, - deyə N.Bayramlı qeyd edib.

N.Bayramlının sözlərinə görə, Almaniya-Azərbaycan Xarici Ticarət Palatası alman şirkətlərindən daha çox sorğular alır: “Məsələn, kənd təsərrüfatı sektorunda Almaniya istehsalı olan maşınlar olduqca populyardır və bu sahədə ölkəmizdə satışların artacağı gözlənilir. Eləcə də neft-qaz sahəsində istehsalı olan maşınların da satışı gözlənilir. Bu sahələr Almaniya investorlarına yeni imkanlar yaradır”.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR