• İQTİSADİYYAT

    12:15 7 may 2019

Azərbaycanla Əfqanıstan arasında ticarət dövriyyəsi 46% artıb

İqtisadiyyat naziri Şahin Mustafayev Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelenay ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən ONA-ya verilən məlumata görə, Ş. Mustafayev Azərbaycana səfir təyin olunması münasibətilə X. Spelenayı təbrik edib, Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə vurğulanıb ki, Azərbaycan və Əfqanıstan prezidentlərinin siyasi iradəsi, qarşılıqlı dostluq münasibətləri siyasi sahədə əlaqələrin inkişafı ilə yanaşı, iqtisadi əməkdaşlığın inkişafına da əlverişli zəmin yaradır.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr qurulub və inkişaf edir. Əfqanıstanla iqtisadi-ticarət sahəsində 15-dən çox sənəd imzalanıb, ölkədə xidmət, sənaye və nəqliyyat sahələrində 11 Əfqanıstan şirkəti qeydiyyatdan keçib. İqtisadiyyat naziri beynəlxalq platformalarda Əfqanıstanın ölkəmizi dəstəkləməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

İkitərəfli əməkdaşlıqda ticarət əlaqələrinin rolunu qeyd edən Şahin Mustafayev 2018-ci ildə ticarət dövriyyəsinin 37%, 2019-cu ilin birinci rübündə isə 46% artdığını vurğulayıb. Bununla belə, ticarət əlaqələrinin şaxələndirilməsi üçün imkanlar genişdir. Birgə sərgilərin, biznes-forumların təşkili bu sahədə əməkdaşlığı daha da genişləndirə bilər.

Azərbaycanın əlverişli iqtisadi-coğrafi mövqedə, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini vurğulayan Şahin Mustafayev Əfqanıstanın ölkəmizin tranzit potensialından istifadə edə biləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, Aşqabadda keçirilmiş Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA) Lapis-Lazuli marşrutu üzrə müqavilə imzalanıb. Bu layihənin həyata keçirilməsi nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Əfqanıstanın Azərbaycandakı səfiri X. Spelenay ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu, əlaqələrin genişləndirilməsi baxımından iş adamları arasında görüşlərin təşkilinin faydalı olacağını qeyd edib. Səfir ölkəsinə göstərdiyi yardımlara görə Azərbaycana təşəkkürünü bildirib.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR