Bakı-Almatı-Bakı aviareysinin açılması Azərbaycan və Qazaxıstan üçün turizm potensialının inkişafına imkan yaradacaq. ONA-nın məlumatına görə, bunu Almatıda “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı-Almatı marşrutu üzrə ilk reysin qarşılanma mərasimində çıxış edən AZAL-ın marketinq, kommersiya və istehsalat idarəsinin direktoru Fuad Yusifov deyib.
Onun sözlərinə görə, Almatı istiqaməti həm iqtisadi, həm də turizmin inkişafı baxımından vacib olduğu üçün bu şəhərə reysin açılmasına qərar verildi: “Düşünürük ki, bu reysin açılması gələcəkdə iki ölkə arasında həm turizmin, həm də siyasi və iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək”.
F. Yusifov onu da əlavə edib ki, Bakı-Almatı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
ONA-nın sualını cavablandıra F. Yusifov qeyd edib ki, aprelin 17-19-da Almatıda turizm sərgisi keçiriləcək və aprelin 17-də burada AZAL-ın təqdimatının keçirilməsi planlaşdırılıb. Sərgidə Azərbaycan və Qazaxıstanın müxtəlif turizm qurumları və şirkətlərinin iştirakı gözlənilir ki, bu da ölkələr arasında turizm əlaqələrinin inkişafına təkan verəcək.
Tədbirdə iştirak edən Almatı beynəlxalq aeroportunun aviasiya marketinqi departamentinin direktoru Abdul Kusayev sözügedən reysin hər iki ölkənin vətəndaşlarının marağına səbəb olacağı və yüksək turist axınını təmin edəcəyi haqqında danışıb.
Onun sözlərinə görə, yeni reysin açılışından sonra Bakı Qazaxıstan vətəndaşları uçun çox rahat nəqliyyat xabına çevrilə bilər. Bakı aeroportundan istifadə edərək qazaxıstanlı turistlər bir sıra Avropa ölkəsinə və ABŞ-a rahat tranzit çıxışı əldə edə bilərlər.
Qeyd edək ki, tədbirdə AZAL-ın Qazaxıstanda təmsilçisi Zaur Qasımov və Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndəsi Ramil Rzayev də iştirak ediblər.