Qazaxıstanın Aktau şəhərində Xəzərin dibi ilə çəkilməsi nəzərdə tutulan, Azərbaycan və Qazaxıstanı birləşdirən TransXəzər fiberoptik xəttin çəkilişinin başlanması ilə bağlı mərasim təşkil olunub.
"APA-Economics"in əldə etdiyi məlumata görə, rəsmi mərasimdə Qazaxıstanın Baş naziri Askar Mamin və Azərbaycanın Baş naziri Əli Əsədov, həmçinin Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənayesi naziri Askar Jumaqaliev, Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və "AzerTelecom" şirkətinin rəhbəri Fuad Allahverdiyev iştirak ediblər.
Qeyd edək ki, bir müddət öncə layihənin əsas təşəbbüskarı və təşkilatçısı olan "AzerTelecom" şirkəti TransXəzər optik magistralın tikintisi məqsədilə "Transtelecom" və "KazTransCom" şirkətləri ilə müqavilə imzalayıb.
Uzunluğu 400 km olacaq TransXəzər magistralının tikinti işləri 2021-ci ildə başa çatacaq. Avropa və Asiyanı birləşdirəcək fiberoptik rabitə kanalının məlumat ötürmə qabiliyyəti 4-6 Tb/s təşkil edəcək.