Azərbaycanla Yaponiya arasında bütün sahələrdə səmərəli və işqüzar əlaqələr mövcuddur, xüsusilə də gömrük işinin təşkili istiqamətində əməkdaşlıq günü-gündən genişlənir. ONA-nın Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, bunu DGK-nin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov bildirib.
Qeyd edək ki, martın 27-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində DGK-nin əməkdaşları üçün “Azərbaycanda gömrük laboratoriyalarının potensialının artırılması” mövzusunda seminar başlayıb.
Tədbirdə əsas məqsəd Yaponiya və Azərbaycan gömrük laboratoriyaları arasında nəzəri biliklər və təcrübə mübadiləsi platformasının yaradılması, xüsusi analizlərin keçirilməsində müasir biliklərə yiyələnməkdir.
Seminarın açılışında çıxış edən C.Qasımov Azərbaycan gömrük orqanları tərəfindən son illər ərzində gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində görülən işlər, gömrük laboratoriyalarında müasir texnologiya və qabaqcıl təcrübələrin tətbiqi barədə də məlumat verib.
Bildirilib ki, dünyanın aparıcı şirkətlərinin istehsalı olan avadanlıqlarla təchiz edilən Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi öz işini müasir standartlara uyğun şəkildə qurub.
Burada dərman vasitələrinin, psixotrop, ozondağıdıcı, naməlum maddələrin, narkotik vasitələrin, texnoloji avadanlıqların ekspertizası və digər əməliyyatlar həyata keçirilir.
Seminarın gömrük laboratoriyalarının potensialının gücləndirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edən Cavad Qasımov qeyd edib ki, seminarda aparılan müzakirələr hər iki tərəf üçün faydalı olacaq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin, təcrübə mübadiləsinin gücləndirilməsinə imkan yaradacaq.
Yaponiya Gömrük Xidmətinin ekspertləri Takahiro Takahaşi və Yasinori Tanaka tədbirin təşkilində göstərdiyi dəstəyə görə DGK-ə təşəkkürlərini ifadə edərək seminar zamanı müzakirə ediləcək məsələlər və nümayiş olunacaq təqdimatlar barədə məlumat veriblər.
Qeyd edilib ki, seminar iştirakçılarının əldə edəcəyi bilik və bacarıqlar gələcəkdə Azərbaycan gömrük laboratoriyasının işinin keyfiyyətini daha da yüksəldəcək.