• İQTİSADİYYAT

    11:46 14 oktyabr 2022

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

Lider mobil operator öz şəbəkəsini ölkə boyunca genişləndirir və “yaşıl” texnologiyalar tətbiq edir

"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə sadiq qalan Azercell öz şəbəkəsini bütün ölkə üzrə genişləndirməyə və modernləşdirməyə davam edir. Bu irimiqyaslı layihənin növbəti mərhələsində lider mobil operator ekoloji cəhətdən təmiz texnologiyalar tətbiq etməklə "yaşıl enerji" rejiminə keçir.

"ONA" xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdəki baza stansiyalarının modifikasiyası üçün bərpa olunan enerjidən istifadə edən Azercell Qarabağda günəş enerjisi ilə işləyən ilk LTE baza stansiyalarını istifadəyə verir. Belə ki, lider mobil operator Qubadlıda və Cəbrayılda daha öncə dizel generatoru ilə çalışan baza stansiyalarını günəş panelləri ilə təchiz edib. Artıq həmin baza stansiyaların enerji tələbatının 60%-i günəş enerjisi hesabına qarşılanır. Bu da, öz növbəsində, ekoloji baxımdan daha “yaşıl” istismarı təmin edərək əraf mühitə buraxılan emissiyanın və enerji sərfiyyatının azalmasına səbəb olur.

Ümumilikdə, Azercell 2023-cü ilin sonuna kimi Qarabağda günəş enerjisinə əsaslanan 35 baza stansiyasını istifadəyə verməyi planlaşdırır. Qeyd edək ki, şirkət artıq Qobustan və Tovuzda da "yaşıl enerji" ilə çalışan baza stansiyaları quraşdırıb.

Bu ilin avqust ayından etibarən Azercell Bakıda və Abşeronda 21 yeni baza stansiyası quraşdırıb, Qubadlı, Hadrut qəsəbəsi, Cəbrayıl, Zəngilan, Tərtər, Beyləqan, Ağcabədi, Lerik, Qusar, Quba, Füzuli, Astara, Şəki, Yardımlı, Qax, Göyçay və Lənkəranda 490 baza stansiyasında isə təkmilləşdirmə işləri aparıb.

Layihə çərçivəsində lider mobil operator Azərbaycanda 300-dən çox yeni baza stansiyasını istismara verəcək və 1600-ə yaxın mövcud baza stansiyasını təkmilləşdirəcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR