Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell” rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yeniliyə imza atıb. Şirkətdən ONA-ya verilən məlumata görə, yeni layihə sayəsində nömrələrin sadə fiziki sim-paketlərə bağlılığı tamamilə aradan qaldırılıb. Aprel ayının 16-dan etibarən “Azercell”in ÖM və MX ofisləri, həmçinin diler və distributor şəbəkəsi nömrələrin satışını mərkəzləşdirilmiş www.azercellim.com onlayn bazasının köməyi ilə həyata keçirə bilir.
“Azercell” nömrəsi əldə etmək istəyən hər bir kəs istəyinə uyğun olan müəyyən bir nömrəni www.azercellim.com saytındakı axtarış bölməsindən tapa bilər. Burada axtarış meyarlarına uyğun gələn nömrə kombinasiyaları təklif edilir.
Nömrələrin satışını onlayn baza vasitəsilə həyata keçirməyə imkan verən yeni layihə nəticəsində 1 milyondan çox mərkəzləşdirilmiş nömrə bazası bütün diler və distributorlar üçün əlçatan olub. Önəmli olan məqamlardan biri də saytdakı nömrə bazasının mütəmadi olaraq yenilənməsidir.
Yeni layihə nömrə paketlənməsində xərclərin azaldılmasına, nömrə satışlarının artmasına, eyni zamanda şəffaf və rəqəmsal biznes infrastrukturunun qurulmasına təkan verir.