• İQTİSADİYYAT

    16:46 29 may 2019

BP: AÇG səhmdarları yataqlar blokunda satışa çıxarılacaq payların alınması üzrə danışıqlar aparır

ABŞ-ın “ExxonMobil” və "Chevron” şirkətlərinin “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda satışa çıxarılacaq paylarının AÇG səhmdarları tərəfindən birgə alınması prosesi müzakirələr səviyyəsindədir. Bu barədə ONA-ya BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, hamı danışıqları tez aparıb, bitirmək istəyir, amma buna baxmayaraq, sözügedən məsələ üzrə danışıqlar prosesinin aparılması üzrə zaman limiti mövcud deyil: “Hazırda bu istiqamətdə danışıqlar aparılır”, - deyə B. Aslanbəyli əlavə etdi.

Qeyd edək ki, B. Aslanbəyli bundan öncə ABŞ-ın “ExxonMobil” və "Chevron” şirkətlərinin yataqlar blokunda satışa çıxarılacaq paylarının layihə səhmdarları tərəfindən alınacağı təqdirdə paylar tenderdə iştirak edən şirkətlər arasında proporsional qaydada bölüşdürüləcəyini bildirib. Ümumi sxem ondan ibarətdir ki, AÇG səhmdarları birgə danışıqlar aparır və paylara sahib olurlar. Bundan sonra şirkətlər proporsional şəkildə layihədəki paylarına uyğun olaraq alınan səhmlərə yiyələnə biləcəklər.

Xatırladaq ki, “ExxonMobil” AÇG-dəki payını (6,79%), "Chevron” şirkəti isə həm sözügedən layihədəki (9,57%), həm də Bakı-Tbilisi-Ceyhan neft kəmərindəki paylarını (8,9%) satmaq niyyətində olduğunu artıq bildiriblər.

Hazırda AÇG-də iştirak edən şirkətlərin payı: BP (operator – 30,37%), SOCAR (25,0%), “Chevron” (9,57%), INPEX (9,31%), “Equinor” (7,27%), “ExxonMobil” (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), “ONGC Videsh Limited” (OVL) (2,31%).

Ötən il ərzində AÇG-də 29 mln. ton neft hasil edilib. 2018-ci ildə AÇG üzrə fəaliyyətlərə təqribən 505 mln. dollar əməliyyat məsrəfləri və 1,15 mlrd. dollar əsaslı məsrəflər xərclənib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR